------Qocalıq--------
Ağrılarla dostam artıq,
Xoş gəlmisən sən, qocalıq!
Oldun axır ki, ömrümə
Doğma kimi tən, qocalıq!
Ömür yolu döngə-döngə
Can yorulub gəlir təngə,
Gündən-günə sayə rəngə
Boyanır hər yan, qocalıq!
Yağır payızın yağışı,
Hələ qabaqdadır qışı...
Nə tez bürüdü dağ-daşı,
Ətrafı da çən, qocalıq!
Cavanlığı salıb yola
Oldum mən də üzüyola...
Ömür-günə dola-dola
Deyir mənəm-mən qocalıq!
İnanmazdım hər nağıla,
Gətirməzdim heç ağıla
Vaxt da dönüb əzrailə
Alar bir gün can, qocalıq!
Xoş gəlmisən sən, qocalıq!
Əlövsət Kərim