30 Avqust Türkiyədə Zəfər Bayramının 100-cü ildönümüdür - BAKU TV

30 Avqust Türkiyədə Zəfər Bayramının 100-cü ildönümüdür - BAKU TV Aktual xəbərlərimiz Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad etdi. Türkiyəni 30 avqust zəfərinə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub. 1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri olan Britaniya, Fransa və ABŞ-nin hazırladığı təslimçi sazişə imza atmalı olmuşdu. Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan Türkiyə xalqı İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşılayır, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi isə onu təsdiqləməkdən imtina edir. Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə hər şeydən öncə hərb meydanında zəfər lazım idi. 1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı Türkiyə ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” yəni “Böyük Hücum” zəfərinin təməli də məhz Sakarya savaşında qoyulmuşdu. 1922-ci il avqustun 26-da Türkiyə qoşunları sübh tezdən baş komandan Mustafa Kamal Paşanın əmri ilə düşmən üzərinə hücuma keçdi. İki gün içində yunan ordusunun beş diviziyası darmadağın edildi. 30 avqustda artıq yunan qoşunları müdafiə qabiliyyətini itirmişdi. Eskişehir və Afyonu tamamilə nəzarətə götürən Türkiyə hərbi birləşmələri yunan qoşunlarını bütün cəbhə boyunca qovaraq sentyabrın 6-7-də Balıkesir və Aydın şəhərlərini azad etdi, sentyabrın 9-da isə yunanların müdafiə xəttini yararaq İzmir şəhərinə daxil oldu. Türkiyə ordusu iki həftə içində 100 kilometr enində cəbhə boyunca 500-600 kilometr irəliləmiş, yunan qoşunlarının qalıqları isə Aralıq dənizinə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdılar. Bu zəfər naminə 13 min türk əsgəri canını fəda etmişdi. Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin may ayında elan olunub. 30 avqust zəfəri Türkiyə xalqının və Türkiyənin tarixində yeni bir səhifə açdı. Bu zəfər sayəsində Sevr sazişi tarixə qovuşdu. İrəlidə bütün vətən torpağında suverenliyi bərpa etmək missiyası dururdu. Cəmi 1 il sonra - 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan etdi. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV 30 Avqust Türkiyədə Zəfər Bayramının 100-cü ildönümüdür #100il #zefergunu #30avqust #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top