Azərbaycan ilə Gürcüstan arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb. Əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayan müdafiə naziri bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib. Müdafiə naziri həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verib. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən cənab çuladze xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu diqqətə çatdırıb. Hər iki dost ölkə arasında münasibətlərin inkişafında mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin, eləcə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Geniş tərkibdə keçirilən görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş“ imzalanıb. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib. ____ Между Азербайджаном и Грузией подписано Соглашение о сотрудничестве в области обороны ____ Azerbaijan and Georgia signed Defense Cooperation Agreement
Back to Top